AZ

Şəkidə ali məktəblərə və kolleclərə qəbul imtahanları 7 mərkəzdə aparılıb

 

dd7b6e31bf9d498d5a333973aa3ce68b.jpg
15.04.2024 15:40

Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 14-də Şəki şəhərində keçirdiyi əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul, cari ilin məzunları üçün əlavə xarici dil, həmçinin martda keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən XI sinif şagirdləri və eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanları başa çatıb.

 

TED.az xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 7 mərkəz ayrılıb. İmtahanlar Şəki şəhərindəki 7, 8, 11, 12 və 17 nömrəli tam orta məktəblərdə, Fizika-riyaziyyat və humanitar təmayüllü liseydə və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub.

 

İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün binalara müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

 

Ümumilikdə 1632 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 20 imtahan rəhbəri və 158 nəzarətçi cəlb olunub. İmtahanların keçirilməsi üçün 131 zal ayrılıb.

 

DİM Şəki regional bölməsindən verilən məlumata görə, Qoxmuq kənd tam orta məktəbində keçirilən imtahanda bir nəfərdə telefon aşkar edildiyi üçün həmin abituriyentin nəticəsi ləğv edilib. Bundan əlavə, 8 nömrəli tam orta məktəbdə keçirilən imtahanda iştirak edən bir nəfər gözdən əlil abituriyentə sualların cavablandırılması üçün əlavə bir saat vaxt verilib.

Elm bölməsindən digər xəbərlər

Daha çox