Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Biznes TV-nin İdarə Heyətinin sədri Hikmət Məmmədov: “Biznes mediasının inkişafı ölkənin sahibkarlıq ekosistemi üçün vacibdir”
Biznes TV-nin İdarə Heyətinin sədri Hikmət Məmmədov: "Televiziya hazırda fəaliyyətinin maliyyə dayanıqlılığını təmin etmək baxımından ciddi çətinliklərlə üzləşib"
Biznes TV-yə ünvanlanan sorğularla əlaqədar bildiririk ki, televiziya hazırda fəaliyyətinin maliyyə dayanıqlılığını təmin etmək baxımından ciddi çətinliklərlə üzləşib.
TED.az xəbər verir ki, bu barədə Biznes TV-nin məlumatında bildirilir.
Gündəlik 24 saat yayım həyata keçirən televiziyanın saxlanılması, xərclərin mövcud gəlirlər hesabına qarşılanması çətinləşib və bu vəziyyət əməkdaşların bir hissəsinin işdən ayrılması ilə bağlı ağır qərarların qəbul edilməsinə səbəb olub.
Biznes TV yalnız televiziya kanalı deyil, sahibkarların fəaliyyətini işıqlandıran, iqtisadi proseslər barədə məlumat verən, biznes ictimaiyyəti ilə cəmiyyət arasında əlaqə yaradan ixtisaslaşmış media platformasıdır. Belə bir televiziyanın davamlı fəaliyyəti sahibkarlıq mühitinin inkişafı, iqtisadi məlumatlılığın artırılması və biznes təşəbbüslərinin təşviqi baxımından əhəmiyyət daşıyır.
Biznes TV-nin İdarə Heyətinin sədri Hikmət Məmmədov hesab edir ki, yaranan vəziyyət ölkədə ixtisaslaşmış medianın iqtisadi imkanlarının və reklam bazarının mövcud vəziyyətinin müzakirəsini zəruri edir.
“Biznes TV sahibkarlığın inkişafına, iqtisadi məlumatlılığın artırılmasına və biznes ictimaiyyətinin fəaliyyətinin işıqlandırılmasına xidmət edir. Biz 24 saat yayım həyata keçiririk və qısa müddətdə rəqəmsal platformalarda əhəmiyyətli auditoriya toplamışıq.(televiziyalar arasında ölkə üzrə 6-cı sıraya qədər) Lakin auditoriyanın olması öz-özlüyündə televiziyanın fəaliyyətini maliyyələşdirmir. Bunun üçün dayanıqlı reklam və müxtəlif gəlir mənbələri lazımdır”, — deyə Hikmət Məmmədov bildirib.
Azərbaycanın reklam bazarında artım müşahidə olunsa da, bunun bütün media seqmentləri üçün eyni səviyyədə dayanıqlı gəlir yaratdığını söyləmək mümkün deyil. Xüsusilə biznes və iqtisadiyyat mövzularında ixtisaslaşan televiziya üçün məhdud reklam bazarında kifayət qədər reklamverən və uzunmüddətli kommersiya tərəfdaşı cəlb etmək ciddi çağırış olaraq qalır. Məsələnin miqyasının daha aydın olması üçün qonşu Gürcüstanın televiziyalarının reklam bazarına nəzər salmaq kifayət edir. Əgər 2023-cü ildə Azərbaycanda televiziya reklamından əldə olunan gəlir 22,38 milyon manat (13,2 milyon ABŞ dollar) olmuşdusa, Gürcüstanda isə yayımçıların reklam gəlirləri 87,4 milyon lari (32–33 milyon ABŞ dollar) olub. Beləliklə, Gürcüstanın televiziyanın reklam bazarının dollar ifadəsində həcmi Azərbaycandakı göstəricidən təxminən 2,5 dəfə böyükdür. Bu mənzərə ölkəmizdə ixtisaslaşmış media qurumlarının fəaliyyət göstərdiyi reklam mühitinin məhdudluğunu və dayanıqlı maliyyə mənbələrinin formalaşdırılmasının əhəmiyyətini gündəmə gətirir.
Beynəlxalq təcrübə də göstərir ki, ixtisaslaşmış medianın davamlı fəaliyyəti təkcə televiziya reklamından asılı deyil. Məsələn, dünyanın aparıcı media qurumlarından olan “Bloomberg Media”nın 2025-ci ildə ümumi gəlirləri illik müqayisədə 6 faiz artıb. Halbuki, “Bloomberg”in maliyyələşməsi özündə reklam və sponsorluqla yanaşı, abunəliklər, tədbirlər, lisenziyalaşdırma və dövlət-özəl qurumlarla tərəfdaşlıqları birləşdirir.
Bu təcrübə onu göstərir ki, ixtisaslaşmış medianın dayanıqlı fəaliyyəti üçün yalnız auditoriya toplamaq və reklam yerləşdirmək kifayət etmir; müxtəlif gəlir mənbələrini birləşdirən iqtisadi model tələb olunur. Reklam bazarı məhdud olan ölkələrdə isə bu məsələ daha da aktuallaşır.
Hikmət Məmmədov bildirir ki, Biznes TV-nin qarşılaşdığı çətinliklərə yalnız bir müəssisənin maliyyə problemi kimi yanaşmaq düzgün olmazdı. Ölkədə sahibkarlığın inkişafını, iqtisadi maarifləndirməni və biznes mühitinin işıqlandırılmasını hədəfləyən ixtisaslaşmış media platformalarının davamlılığı daha geniş iqtisadi ekosistemin maraqları ilə bağlıdır.
“Biznesin inkişafı üçün sahibkarlar, maliyyə sektoru, dövlət qurumları və media arasında əməkdaşlıq vacibdir. Biznes TV bu əməkdaşlığın bir hissəsi olmağa və tərəfdaşlarına real kommunikasiya dəyəri yaratmağa hazırdır. İnanırıq ki, ixtisaslaşmış biznes mediasının davamlılığına yaradılan şərait həm televiziyanın fəaliyyətinə, həm də ölkənin sahibkarlıq mühitinə fayda verə bilər”, — deyə Hikmət Məmmədov vurğulayıb.
Biznes TV fəaliyyətini davam etdirmək, auditoriyasını genişləndirmək və ölkənin biznes mediasının inkişafına töhfə vermək niyyətindədir. Mövcud vəziyyət reklam bazarının imkanlarının genişləndirilməsi və bizneslə media arasında daha dayanıqlı iqtisadi münasibətlərin qurulmasının vacibliyini göstərir.
Biznes TV hesab edir ki, güclü sahibkarlıq mühiti üçün biznesin özü qədər, onun fəaliyyətini işıqlandıran, iqtisadi bilikləri yayan və cəmiyyətlə əlaqəsini gücləndirən peşəkar media da vacibdir.



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



























