AZ

Sağlamlığımız SİQARETİ ELEKTRONLAŞDIRANLAR üçün vacibdirmi? – ARAŞDIRMA

326fa900ee491745a2c51d9909e70783.jpg
16.07.2019 16:44

İnsan səhhəti üçün ciddi təhlükə yaradan vərdişlərdən biri də tütün aludəçiliyidir. Beynəlxalq Səhiyyə Təşkilatı, eləcə də bir sıra digər təşkilatlar siqaret aludəçiliyinə qarşı müxtəlif  vasitələr hazırlayıb satışa çıxarırlar. Həmin vasitələrdən ən geniş yayılanı isə elektron siqaretlərdir. 2003-cü ildən patentləşdirilən e-siqaretlər Azərbaycanda geniş istifadə edilir.

 

E-siqaret istifadəçiləri onun insan səhhətinə heç bir zərərinin olmadığını bildirirlər. Amma son zamanlar əksini iddia edənlər də var. Bəs görəsən e-siqaretlər həqiqətən də insan sağlamlığına zərərlidirmi?

 

TED.az elektron siqaretlərlə bağlı araşdırmanı sizə təqdim edir:

 

e-siqaretin yaradılmasına nə səbəb oldu?

 

Elektron siqareti ilk dəfə “Ruyan Group Ltd Honkonq” şirkəti ixtira edib. Bəzi məlumatlara görə, ixtiranın səbəbi şirkət rəhbərinin atasının siqaret aludəçisi olması və xərçəng xəstəliyindən vəfat etməsi olub. E-siqaretin satışına isə ilk dəfə Argentinda başlanılıb. “Vip smoke” adı ilə satışa çıxarılan e-siqaret  bir neçə hissədən ibarətdir – buxar generatoru, akkumulyator və ətirli maye yağları ilə doldurulan dəyişik katriclər.

 

Azərbaycanda e-siqaretlər neçəyədir və kimlər daha çox istifadə edir?

 

Azərbaycanda e-siqaret satışı ilə məşğul olan mağazalardan onların qiymətləri və daha çox hansı yaş kateqoriyasının maraq göstərməsi ilə maraqlandıq.

 

Mağazalardan bildirildi ki, e-siqaretlərin qiymətləri müxtəlifdir: “Onların qiyməti tüstü buraxma gücünə və funksiya çoxluğuna görə 17-155 manat arası dəyişir. Bahalı e-siqaretlər daha çox enerji saxlayır. Eyni zamanda, elektron siqaretlərin daxilində filtirlənmə də olur. Onlar ayda bir dəfə mütləq dəyişilməlidilər. Bu da 7-12 manat arasında dəyişir. E-siqaretlərin yağları da iki cür olur - nikotinli və nikotinsiz. E-siqaretləri daha çox 35 və yuxarı yaşlı şəxslər alırlar. Gənc nəsil demək olar ki, e-siqaretlərə maraq göstərmir. E-siqaretlərin 500-dən çoxu növü var”.

 

“Səkkiz ay elektron siqaretdən istifadə etdim...”

 

14 ildir ki, siqaret aludəçisi olan  Sahil İsmayılov siqaretdən qurtulmaq üçün e-siqaret istifadə etsə də, heç bir faydasını görmədiyini bildirdi: “Səkkiz ay e-siqaretdən istifadə etdim. Amma faydası olmadı. Yenidən adi siqaret çəkirəm. E-siqareti 120 manata aldım ayda iki dəfə filtrini də dəyişdirdim amma ki, nə fayda, kömək olmadı”.

 

e-siqaretin tərkibində nə var?

 

Beynəlxalq Səhiyyə Təşkilatının mütəxəssislərinin e-siqaretlər haqqında fikirləri birmənalı deyil. Hətta bəzi Avropa ölkələri və ABŞ-ın bir neçə ştatında e-siqaretin satışına qadağa qoyulub. Tibb işçilərinin tədqiqatlarına görə, e-siqaretin tərkibində “dietilen glikol” adlı maddə var ki, insan orqanizmi üçün zərərlidir. Həmçinin e-siqaretlərdə nornikotin, glikol, piridil, qurğuşun kimi zərərli maddələrin də yer aldığı bildirilir.

 

 

Partlayan özü deyil, onun akkumulyatordur

 

Elektron siqaretlər bəzən də partlayır. Mütəxəssislərin fikrincə, partlayan elektron siqaretin özü deyil, onun akkumulyatoru olur. İki formada – mexaniki və çip formasında olan e-siqaretlərdən daha çox təhlükəli olanı mexaniki e-siqaretlərdir. Belə ki, onlar daha çox partlamaya meyillidirlər. 

 

 

Həkimlər e-siqaretlərlə bağlı nə deyir?

 

Həkim terapevt Leyla Babayeva TED.az-ın sorğusuna cavab olaraq bildirdi ki, e-siqaretlərin mənfi tərəfləri ilə bağlı Azərbaycan səhiyyəsində dəqiq tədqiqat işləri aparılmayıb: “Amma istənilən halda tüstünün orqanizmə ötürülməsi insan sağlamlığında fəsadlar yaradır. Elektron siqaretlər də tütün məhsulları hesab edilir və tərkibində kanserogen maddələr var. E-siqaretlərin tərkibindəki nikotin asılılıq yaradır və güclü nerotoksin ehtiva edir. Bu təbii ki, insan sağlamlığına zərərlidir. Elektron siqaretlər də xərçəng xəstəliynin yaranmasına səbəb olur. Adi siqaretdlərdə olduğu kimi e-siqaretlər də insanlarda asılılıq yaradır. Siqareti tərgitmək üçün elektron siqaretlər çarə deyil. Bu insan iradəsinə bağlı bir məsələdir”.

 

Həkimin sözlərindən belə aydın olur ki, e-siqaret vasitəsi ilə siqareti tərgitmək istəyənlər yağışdan çıxıb yağmura düşüblər. İnsanlar bu zərərli vərdişdən əl çəkmək üçün ən müxtəlif vasitələrə əl atırlar. Təbii ki, onların bu səyləri “işbazlar”ın da diqqətindən yayınmır. Deyəsən, dünya yeni bəlanın astanasındadır – elektron siqaret!

 

Zeynəb ƏKBƏR

TED + bölməsindən digər xəbərlər

Daha çox