AZ

Women in CyberSecurity Azerbaijan kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün vebinar təşkil edib

 

058fc8ec26cc52d42d794fe6efe68806.jpeg
22.06.2026 18:00

18 iyun 2026-cı ildə Women in CyberSecurity Azerbaijan (WiCS Azerbaijan) tərəfindən kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyən tələbələr, yeni məzunlar və texnologiya sahəsinə maraq göstərənlər üçün “Karyeranızı kibertəhlükəsizlikdə qurmaq istəyirsiniz?” mövzusunda onlayn vebinar keçirilib.

 

Vebinarın məqsədi iştirakçıları kibertəhlükəsizlik sahəsində mövcud karyera istiqamətləri ilə tanış etmək, bu sahəyə daxil olmaq üçün tələb olunan bacarıqlar barədə məlumat vermək və real peşəkar təcrübələri bölüşmək olub.

 

Vebinarda Women in CyberSecurity Azerbaijan icmasının üzvləri Zəhra Şahbazova (Güvən Technology-də informasiya təhlükəsizliyi mütəxəssisi), Mələk Hüseynova (Azal-da məlumat məxfiliyi və informasiya təhlükəsizliyi maarifləndirilməsi üzrə mütəxəssis), Lamiyə Nəcəfova (AR ETN Riyaziyyat İnstitutunun elmi işçisi, AKTA-da kibertəhlükəsizlik eksperti) və Nərgiz Əliyeva (Cybersign şirkətinin kibertəhlükəsizlik mütəxəssisi, Texio Academy-nin proqram meneceri və təlim koordinatoru) çıxış edərək kibertəhlükəsizlik sahəsindəki karyera imkanları, peşəkar inkişaf yolları və real iş mühitində qarşılaşılan çağırışlar barədə fikirlərini bölüşüblər.

 

Sessiyanın ilk hissəsində kibertəhlükəsizlik sahəsinin müxtəlif istiqamətləri – SOC (Security Operations Center), GRC (Governance, Risk and Compliance), Pentest, Security Awareness, Cloud Security və digər sahələr təqdim olunub. İştirakçılar hər bir istiqamətin əsas funksiyaları, tələb olunan bacarıqlar və inkişaf perspektivləri haqqında məlumat əldə ediblər.

 

“Bu sahəyə necə daxil olmaq olar?” mövzusunda keçirilən təqdimatda beynəlxalq sertifikatların, xüsusilə CompTIA Security+ sertifikatının əhəmiyyəti vurğulanıb. Eyni zamanda ilk layihələrin qurulması, peşəkar LinkedIn profilinin formalaşdırılması, təcrübə proqramlarında iştirak və effektiv CV hazırlanması ilə bağlı tövsiyələr verilib.

 

Vebinar çərçivəsində spikerlər öz karyera hekayələrini və peşəkar inkişaf yollarını iştirakçılarla bölüşüblər. Çıxışlarda kibertəhlükəsizlik sahəsində qarşılaşılan çətinliklər, öyrənmə prosesində əldə olunan təcrübələr və uğura aparan addımlar barədə ətraflı məlumat təqdim olunub.

 

“Women in CyberSecurity” mövzusuna həsr olunan hissədə isə qadınların texnologiya və kibertəhlükəsizlik sahələrində qarşılaşdığı çağırışlar, peşəkar icmaların rolu və mentorluğun əhəmiyyəti müzakirə edilib. Spikerlər qadınların bu sahədə daha fəal iştirakının vacibliyini vurğulayaraq davamlı öyrənmənin və peşəkar şəbəkələşmənin önəmini qeyd ediblər.

 

Vebinar iştirakçıların suallarının cavablandırıldığı interaktiv müzakirə sessiyası ilə yekunlaşıb.

 

Women in CyberSecurity Azerbaijan nümayəndələrinin sözlərinə görə, bu kimi təşəbbüslər ölkədə kibertəhlükəsizlik sahəsində bilik və bacarıqların inkişafına, xüsusilə qadınların texnologiya sektorunda daha fəal təmsil olunmasına dəstək verməyi hədəfləyir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox