AZ

Bakıda “GSMA M360 Eurasia 2024” konfransı işə başlayıb

 

ad40e20ede2d48da5cf49d782e3af0ca.jpg
15.05.2024 18:57

Bakıda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə ikigünlük beynəlxalq GSMA M360 Eurasia 2024” konfransı işə başlayıb.

 

TED.az xəbər verir ki, tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov konfransın əhəmiyyətini vurğulayaraq Azərbaycan hökumətinin rəqəmsallaşmaya böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.

 

“Rəqəmsallaşma prosesi Azərbaycanda iqtisadi inkişafa və məhsuldarlığın artımına töhfə verir, xidmətlər və məlumatlara çıxış əldə etməyə imkan verir. Eyni zamanda, səhiyyə idarəetmə və təhsil sahəsinə töhfə verir. Azərbaycanda rəqəmsallaşmanın inkişaf strategiyası hazırlanıb. Strategiya rəqəmsal hökumət, rəqəmsal cəmiyyət, rəqəmsal biznes kimi üç sütundan ibarədir. Azərbaycanda 2026-cı ilədək rəqəmsallaşma istiqamətində 500 kiçik və orta biznes subyektinin dəstəklənməsi planlaşdırılır. 2026-cı ilin sonuna qədər Azərbaycanda 1 milyon vətəndaşın rəqəmsal ID-dən istifadə etməsinə, ölkə əhalisinin 65 faizinin ilkin rəqəmsal bacarıqlara malik olmasına nail olmağı hədəfləyirik”, - deyə S.Məmmədov qeyd edib.

 

Nazir müavini əlavə edib ki, rəqəmsal transformasiya üçün etibarlı infrastruktur qurulmalıdır: “Azərbaycanda 75 faiz evlərin fiber-optik “broadband”a çıxışı var. Bu göstərici Bakıda 90 faizə yaxındır”.

 

Qeyd edək ki, “GSMA M360 Eurasia 2024” çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları gündəmə gətiriləcək. Konfransda süni intellekt, kibertəhlükəsizlik, sənayenin rəqəmsallaşdırılması, yeni nəsil şəbəkələr, yaşıl texnologiya və digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Eyni zamanda, Rəqəmsal DNT (Digital DNA) mövzusuna həsr olunmuş sessiyada gələcək nəsillərin yeni dövrə uğurlu adaptasiyası üçün lazımi bacarıq və qabiliyyətləri haqqında danışılacaq.

 

COP29 ərəfəsinə təsadüf edən bu konfransın ikinci günü ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinə həsr olunmuş sessiya ilə başlayacaq. Bu sessiyada rəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri, dayanıqlı inkişaf və sıfır karbon emissiya məqsədlərinə nail olmaq üçün bütün sektorlar arasında qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanacaq. Qlobal telekommunikasiya liderlərinin bu hədəfə çatmaq üçün gördüyü işlər, rəqəmsal innovasiyaların ətraf mühitin dayanıqlığına verdiyi töhfə barədə danışılacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox