Generativ süni intellekt sürətlə inkişaf edir - "McKinsey & Company"nin direktoru
Generativ süni intellekt sürətlə inkişaf edir.
TED.az xəbər verir ki, bu barədə "McKinsey & Company" şirkətinin direktoru Rolandon Balsinde Bakıda keçirilən "M360 Eurasia 2024" beynəlxalq konfransında çıxışında deyib.
"2023-cü il generativ süni intellekt ili oldu. Üç və ya dörd il bundan əvvəl süni intellektin bu cür yayılması praktikadan çox nəzəriyyə idi. Bir neçə ay əvvəl generativ süni intellektin köməyilə yaradılmış 13 startap 1 milyard ABŞ dollarından yuxarı dəyərləndirilirdi", - deyə o bildirib.
Balsindenin sözlərinə görə, generativ süni intellektin korporativ tətbiqi sürətlənir və bütün dünyada şirkətlər öz fəaliyyətlərində süni intellektdən istifadə etməyə başlayır.
"Biz 2023-cü ilin oktyabr ayında vençur fondları tərəfindən generativ süni intellektə qlobal investisiyalarda 2022-ci illə müqayisədə 400 faiz artımın şahidi olduq. Həmçinin tarixdə yeni texnologiyanın ən sürətli qəbulunu müşahidə etdik. ChatGPT istifadəçilərinin sayı cəmi iki ay ərzində 100 milyon nəfərə çatdı", - deyə o əlavə edib.
Qeyd edək ki, 15-16 may tarixlərində Bakıda "M360 Eurasia 2024" beynəlxalq konfransı keçirilir.
Tədbirdə region üzrə aparıcı ekspertlər, tənzimləyici qurumların, mobil rabitə operatorlarının və İT korporasiyalarının rəhbərləri, eləcə də yüksək vəzifəli siyasətçilər və digər iştirakçılar bir araya gəlib.
"M360 Eurasia" Bakıda ikinci dəfədir ki, keçirilir.